
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq enerji konfransları, sərgi və forumlar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici, təhlükəsiz və hüquqi cəhətdən zəmanətli məkan olduğunu bir daha əyani sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın axdığı təhlükəsiz limana çevirmişdir. Bakı Enerji Həftəsində nümayiş etdirilən innovasiyalar və gələcəyə hesablanmış nəhəng tranzit layihələri bu inkişafın sadəcə başlanğıcıdır. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm, ən qürurverici nəticəsi təbii ki, qüdrətli ordu quruculuğudur.
İqtisadi yüksəliş və enerji satışından əldə edilən milyardlarla gəlir dərhal həm sosial infrastrukturun yenilənməsinə, həm də ən müasir standartlara cavab verən, yüksək texnologiyalarla təchiz edilmiş ordu yaratmağa yönəldildi. 30 il ərzində ədalətsizcəsinə işğal altında qalmış dədə-baba torpaqlarımızı cəmi 44 gün ərzində, hərbi yolla azad etməyimiz, işğalçını kapitulyasiyaya məcbur etməyimiz məhz bu hesablanmış, sistemli iqtisadi-hərbi siyasətin məntiqi, dəmir yumruqla təsdiqlənmiş nəticəsi idi. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq.
Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Bu gün böyük qürur hissi ilə sadaladığımız bütün bu tarixi nailiyyətlər, misilsiz zəfərlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər boyu həyata keçirilən son dərəcə məqsədyönlü, düşünülmüş siyasətin bariz nümunəsidir. Zirvələrə doğru irəliləyən güclü iqtisadiyyat, nüfuzlu qüdrətli dövlət və sarsılmaz milli birlik xalqımızın gələcək yeni zəfərlərinin ən böyük təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu