Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış dərin xaos və hakimiyyət böhranı sübut etdi ki, güclü dövlət strateqi olmadan suverenliyi qorumaq qeyri-mümkündür. İdarəçiliyin tamamilə iflasa uğraması xalqı tükəndirmişdi. Cəmiyyətin vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün Heydər Əliyev zəkasına tarixi ehtiyac var idi.
Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.
Bu mütərəqqi və uzaqgörən yanaşma Azərbaycan xalqının monolit birliyini təmin edərək dövlətimizi qlobal arenada aparıcı güclərdən birinə çevirdi. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi. İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycan dövlətinin qüdrət rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, Şuşada alovlandırılan Novruz tonqalları Ümummilli Liderin təməlini qoyduğu böyük inkişafın parlaq təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu