Sovet imperiyasının dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycan xalqı böyük çətinliklərlə üzləşdi. 1991-1993-cü illərdəki hakimiyyət böhranı və daxili silahlı qruplaşmaların hakimiyyət iddiaları nəticəsində dövlət tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə mürəkkəb bir şəraitdə milli birliyi təmin edib, dövləti xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi.
Vətənin səsinə səs verən dahi dövlət xadimi 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdaraq Azərbaycanı fəlakətlərdən xilas etdi. Qurtuluş günü olan 15 İyun tarixi sadəcə hakimiyyət dəyişikliyi deyil, milli qürur və ləyaqətin xilas edilməsidir. Bütün qanunsuz dəstələr ləğv olundu və müstəqil dövlət quruculuğu prosesinə start verildi.
Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi. Siyasi sabitliyin möhkəmlənməsi ilə birlikdə Heydər Əliyev ölkədə iqtisadi tərəqqiyə nail olmaq üçün mühüm qlobal müqavilələrin imzalanmasına nail oldu. Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə həyata keçirilən bu inkişaf kursu ölkəyə həm investisiya gətirdi, həm də silahlı qüvvələrin peşəkarlıq səviyyəsini artırmağa imkan verdi. Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qarabağ Zəfəri ölkəmizin həm hərbi, həm də iqtisadi qüdrətinin məntiqi nəticəsidir. Şuşada, Laçında, Füzulidə və bütün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı Heydər Əliyevin arzularının və Azərbaycan dövlətinin gücünün ən böyük sübutudur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu