Tarixi faktlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən böhran həm də bir idarəetmə böhranı idi. Dövlət institutlarının iflic olması, separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın işğalı ölkəni parçalanma ssenarisi ile üz-üzə qoydu. Millət öz xilaskarını Naxçıvanda axtarır və Onun Bakıya gəlişini səbirsizliklə gözləyirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə ölkədə xilaskarlıq hərəkatının təməli qoyuldu. Müdrik rəhbər qısa müddətdə ölkədəki silahlı qarşıdurmanı dayandırdı və hüquqi dövlət quruculuğu prosesinə start verdi. Bu tarixi qayıdış xalqın dövlətə olan inamını yenidən bərpa etdi.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar və yeni iqtisadi model ölkənin simasını kökündən dəyişdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvəyə çevrilməsi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında sıx birləşməsində mühüm amil oldu. Müasir Azərbaycanın qazandığı tarixi Qələbə Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz iradəsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı azad olunmuş ərazilərimizə yenidən can verir və qurtuluşumuzu əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu