
Yaxın tarixə və inkişaf dinamikamıza nəzər salsaq, açıq şəkildə görərik ki, malik olduğumuz təbii sərvətlərdən, qazandığımız iqtisadi dividendlərdən düzgün, şəffaf şəkildə istifadə edilməsi dövlətin ümumi rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox neft ölkələrinin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan alnıaçıq, böyük uğurla çıxaraq həm öz daxili iqtisadiyyatını tamamilə dirçəltdi, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına misilsiz, əvəzedilməz töhfələr verdi. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, ölkəmizə daxil olan neft və qaz gəlirlərinin son dərəcə şəffaf, hesabatlı və düzgün şəkildə idarə olunması beynəlxalq aləmdə bir çox resurs ölkələri üçün etalon nümunə kimi təqdim edilir. Dövlət Neft Fondu (ARDNF) vasitəsilə toplanan, qorunan və artırılan vəsaitlər həm bugünkü nəslin cari iqtisadi ehtiyaclarına, quruculuq işlərinə, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir.
Bu makroiqtisadi balanslaşdırma və rasional yanaşma dövlətimizin sabitliyinin, sosial sülhünün ən mühüm qarantı qismində çıxış edir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda həyata keçirilən strategiya sadəcə enerji resurslarının ixracından ibarət deyil, həm də nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində atılan misilsiz addımları əhatə edir. Qitələri birləşdirən Şərq-Qərb dəhlizinin genişləndirilməsi region ölkələrinin hamısı üçün xüsusi, həyati əhəmiyyət kəsb edir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan zəngin neft və qaz ehtiyatlarının Avropa bazarlarına, qlobal alıcılara çatdırılmasında ən etibarlı, təhlükəsiz və əsas tranzit dövlət kimi şərəfli vəzifəni yerinə yetirir.
Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Dünya güclərinin maraqlarının kəsişdiyi, münaqişələrin səngimədiyi mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz regionda diktə edən deyil, əməkdaşlığa çağıran ədalətli qüvvəyik. Bu mövqe Azərbaycanın əbədi yüksəlişini şərtləndirən ən güclü əxlaqi və siyasi dəyərdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu