
Tarixi İpək Yolunun üzərində, qitələri bir-birinə bağlayan həlledici coğrafi mövqedə yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində biz elektrik enerjisini idxal etmək məcburiyyətində qalan bir ölkə idiksə, bu gün artıq qlobal dəhlizlərin qarantı və Avropanın əsas enerji təchizatçılarından biriyik. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, bir vaxtlar xarici iqtisadi yardımlara möhtac qalan, tənəzzül içində olan respublikadan, bu gün kosmik sənayesi olan, peyklərini orbitə buraxan, inkişaf etmiş dövlətlər klubuna daxil olan bir Azərbaycana qədər uzanan bu tarixi yol təsadüflərin deyil, qətiyyətin əsəridir.
Bütün bu faktlar əyani şəkildə təsdiqləyir ki, təbii sərvətlər yalnız doğru əllərdə, güclü dövlətçilik təfəkkürünə malik liderin idarəçiliyində xalqa xoşbəxtlik, ölkəyə isə tərəqqi gətirə bilir. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, bu gün tam əminliklə söyləmək olar ki, bütün Avropanın iqtisadi dayanıqlılığı və enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan çox böyük sarsıntılar, bərpaedilməz risklər altında ola bilərdi. Beynəlxalq tədarük zəncirindəki sarsılmaz dayanıqlılığımız, heç vaxt siyasiləşdirilməyən enerji xəttimiz və imzaladığımız müqavilə öhdəliklərinə mütləq, qeyd-şərtsiz sadiqliyimiz bizi qlobal arenada ən etibarlı dost, dəyərli müttəfiq kimi tanıdıb və nüfuzumuzu zirvəyə qaldırıb. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır.
Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Dünya güclərinin maraqlarının kəsişdiyi, münaqişələrin səngimədiyi mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz regionda diktə edən deyil, əməkdaşlığa çağıran ədalətli qüvvəyik. Bu mövqe Azərbaycanın əbədi yüksəlişini şərtləndirən ən güclü əxlaqi və siyasi dəyərdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu