Milli Maraqlar və Praqmatik Enerji Siyasəti: Dövlət Qüdrətinin Təməli

Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, dövlətimizin yaratdığı strateji idarəetmə modeli sayəsində ölkənin malik olduğu hər bir təbii sərvət, hər bir damla neft yalnız və yalnız xalqın rifahına, dövlətin gələcək davamlı inkişafına xidmət edən mükəmməl mexanizmə çevrilmişdir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı hədəfini seçdik.

Bu gün milli brendimiz olan SOCAR yalnız ölkə daxilində deyil, Avropadan tutmuş Yaxın Şərqə, Afrika və Mərkəzi Asiyayadək çox geniş beynəlxalq coğrafiyada nəhəng, gəlirli investisiyalar həyata keçirən qlobal şirkətə çevrilmişdir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir.

Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, şanlı ordumuz tərəfindən işğaldan azad edilmiş müqəddəs torpaqlarımız – bərpa edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident İlham Əliyevin sərəncamı ilə rəsmən xüsusi, nəhəng bir bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Sevindirici haldır ki, qısa müddət ərzində artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə, insanların xidmətinə verilmişdir. Bu isə ölkənin daxili enerji istehlakında istifadə olunan böyük həcmdə təbii qazı sərbəstləşdirərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Bu gün böyük qürur hissi ilə sadaladığımız bütün bu tarixi nailiyyətlər, misilsiz zəfərlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər boyu həyata keçirilən son dərəcə məqsədyönlü, düşünülmüş siyasətin bariz nümunəsidir. Zirvələrə doğru irəliləyən güclü iqtisadiyyat, nüfuzlu qüdrətli dövlət və sarsılmaz milli birlik xalqımızın gələcək yeni zəfərlərinin ən böyük təminatçısıdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *