
Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək, miqyasına görə dünyanı heyrətləndirən nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni və parlaq bir eranın başlanğıcı oldu. Bakı Enerji Həftəsinin qlobal xarakter alması məhz o dövrdə atılan müdrik addımların məntiqi nəticəsidir.
Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, qazanılan iqtisadi uğurlar eyni zamanda qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının və xidmət sahələrinin sürətli inkişafı üçün zəruri maliyyə bazasını yaratdı. Biz bilirik ki, resurslar tükənəndir, lakin qurulmuş dayanıqlı iqtisadi model və innovasiyalar əbədidir. Məhz buna görə də hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına, azad iqtisadi zonaların fəaliyyətə başlamasına və ölkənin ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda dövlətimizin təşəbbüskarı olduğu və reallaşdırdığı yeni enerji layihələri sadəcə ticarət obyekti deyil, eyni zamanda geniş coğrafiyada qlobal sülhün və dayanıqlı təhlükəsizliyin qarantı qismində çıxış edir.
‘Azəri-Çıraq-Günəşli’ nəhəng layihəsinin dərin qaz fazası kimi yeni potensiallar hesabına hasilatımız və ixrac imkanlarımız hər ötən il daha da genişlənir. Xüsusilə indiki, dünyada son dərəcə kəskin geosiyasi gərginliklərin yaşandığı, enerji tədarük zəncirlərinin qırıldığı bir fonda Azərbaycanın Avropa üçün sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi, ərazi bütövlüyümüzün sarsılmazlığı qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsinin tribunasından verilən mesajlar da məhz bu həqiqətin – Azərbaycanın artıq təməli heç bir tufanla sarsılmayacaq qədər qüdrətli, öz qüdrəti ilə dünyaya işıq saçan bir dövlətə çevrildiyinin təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu