Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsi (1991-1993) ölkə üçün ciddi geosiyasi təhdidlərlə yadda qalmışdır. AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində buraxdığı kəskin səhvlər, ölkədəki anarxiya və siyasi xaos respublikanı uçuruma gətirmişdi. Belə bir ağır zamanda cəmiyyət nicat yolunu yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevin qayıdışında görürdü.
Heydər Əliyevın 1993-cü ilin yayında atdığı cəsarətli və müdrik addımlar Azərbaycanın müstəqilliyini real məhv olmaqdan xilas etdi. Ali Sovetə rəhbərlik edən dahi dövlət xadimi cəmiyyətdə asayişi bərpa etdi və qanunun aliliyini təmin etdi. Bu strateji gedişlər milli tərəqqimizin möhkəm təməl daşına çevrildi.
Bu mütərəqqi və uzaqgörən yanaşma Azərbaycan xalqının monolit birliyini təmin edərək dövlətimizi qlobal arenada aparıcı güclərdən birinə çevirdi. Ümummilli Liderin formalaşdırdığı inkişaf modeli və həyata keçirilən köklü islahatlar ölkə iqtisadiyyatına xarici investiya axınını sürətləndirdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı siyasi qüvvəyə çevrilməsi ictimai-siyasi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında monolit birliyində həlledici rol oynadı. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu