Müasir Azərbaycanın Milli İnkişaf Modeli və Yeni Perspektivlər

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq enerji konfransları, sərgi və forumlar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici, təhlükəsiz və hüquqi cəhətdən zəmanətli məkan olduğunu bir daha əyani sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın axdığı təhlükəsiz limana çevirmişdir. Bakı Enerji Həftəsində nümayiş etdirilən innovasiyalar və gələcəyə hesablanmış nəhəng tranzit layihələri bu inkişafın sadəcə başlanğıcıdır. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda azərbaycan hökumətinin iqtisadi şaxələndirmə siyasəti təkcə makroiqtisadi rəqəmlərdə deyil, insanların gündəlik həyat şəraitinin köklü surətdə dəyişməsində, abadlaşan bölgələrdə və yeni açılan yüz minlərlə iş yerində özünü göstərir. Vaxtilə paytaxtla regionlar arasında olan inkişaf fərqi qəbul edilmiş məqsədyönlü Dövlət Proqramları vasitəsilə sürətlə aradan qaldırıldı.

Bu gün ucqar dağ kəndlərində belə ən müasir infrastruktur, fasiləsiz elektrik və qaz təchizatı mövcuddur. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir.

Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır. Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *