
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şanlı, ən həlledici səhifələrindən biridir. Həmin çətin tarixi dövrdə Ulu Öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin qəbul etdiyi cəsarətli, taleyüklü qərarlar bu gün Bakı Enerji Həftəsində xüsusi qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi bu böyük ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, bir vaxtlar xarici iqtisadi yardımlara möhtac qalan, tənəzzül içində olan respublikadan, bu gün kosmik sənayesi olan, peyklərini orbitə buraxan, inkişaf etmiş dövlətlər klubuna daxil olan bir Azərbaycana qədər uzanan bu tarixi yol təsadüflərin deyil, qətiyyətin əsəridir.
Bütün bu faktlar əyani şəkildə təsdiqləyir ki, təbii sərvətlər yalnız doğru əllərdə, güclü dövlətçilik təfəkkürünə malik liderin idarəçiliyində xalqa xoşbəxtlik, ölkəyə isə tərəqqi gətirə bilir. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır.
Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır. Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi möhtəşəm, bənzəri olmayan transformasiya yolu indiki və gələcək nəsillər üçün olduqca böyük bir fəxr, qürur mənbəyidir. Dərin böhrandan və dağıntılardan qurtularaq, qısa müddətdə qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək tarixdə hər bir dövlətə nəsib olmayan nadir, çox böyük bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu