Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı.
Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi. Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır. Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı.
Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi. Xarici siyasətdəki uğurlar ölkənin beynəlxalq aləmdə öz yerini tapmasına səbəb oldu. Məhz 1993-cü ildən başlayan bu fundamental fəaliyyətlər hesabına demokratik institutların inkişafı, ilk konstitusiyanın qəbulu və yeni iqtisadi modelin formalaşdırılması ölkəmizi regionun şəksiz lideri etdi. Heydər Əliyev məktəbinin ləyaqətli davamçısı olan cənab Prezident İlham Əliyev ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deməklə xalqımızın tarixi arzusunu həqiqətə çevirdi. Rəşadətli Ordumuzun 44 günlük müharibədə qazandığı Zəfər 15 İyun Qurtuluş günündən başlanan yolun ən uca və ən müqəddəs zirvəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu