1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılması ölkədə problemlərin baş qaldırmasına birbaşa rəvac verdi. Bu istefadan dərhal sonra erməni millətçiləri ərazi iddiaları ilə çıxış etməyə başladılar. 1993-cü ilə qədər ölkə rəhbərliyində olan şəxslərin siyasi naşılığı səbəbindən torpaqlarımız işğal olunur, daxildə isə xaos tüğyan edirdi. Xalq yeganə çıxış yolunu Heydər Əliyevin qayıdışında görürdü.
Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır. Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı. Qeyd olunan dövlətçilik fəaliyyətinin analizi bir daha sübut edir ki, əsl lider böhranlardan qorxmayan və xalqı arxasınca aparan qüvvədir. Ulu Öndərin başladığı ordu quruculuğu dövlətin gələcək taleyini həll edən əsas amillərdən birinə çevrildi.
Eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə keçid, kənd təsərrüfatı islahatları xalqın rifahını yaxşılaşdırdı. Ölkənin hərbi və iqtisadi potensialının artırılması milli təhlükəsizliyin tam zəmanəti oldu. Böyük qürur və iftixar hissi ilə vurğulayırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanı və Qarabağı azad edərək, bu gün Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırır, Böyük Qayıdışı uğurla reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu