Müstəqil Siyasət, Güclü İqtisadiyyat və Qalibiyyət: Qurtuluşun Bəhrələri

1987-ci ildən sonra, xüsusən də 1991-1993-cü illər arasında Azərbaycan tarixinin ən dəhşətli, faciəvi və xaosla dolu günlərini yaşayırdı. SSRİ-nin süqutundan sonra müstəqilliyini elan edən respublikamız idarəçilik qabiliyyəti olmayan qüvvələrin əlində oyuncağa çevrilmişdi. Hərbi uğursuzluqlar, ordunun olmaması, pərakəndəlik və daxili silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi ölkəni daxildən gəmirirdi. Bu azmış kimi, cəbhədə erməni işğalçılarının genişmiqyaslı hücumları xalqımızın qanını axıdır, yüz minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olurdu. Belə bir dar gündə, müstəqilliyin itirilməsi təhlükəsinin pik nöqtəyə çatdığı bir vaxtda, Azərbaycan xalqı üzünü əsl rəhbərə, dahi siyasətçi Heydər Əliyevə tutaraq ondan kömək istədi. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.

1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Azərbaycanda qanunçuluğun tam bərpası, xarici böyük transmilli şirkətlərin investisiyalarının ölkəyə cəlb edilməsi və daxili bazar iqtisadiyyatının təməllərinin atılması Ulu Öndərin fenomenal dövlətçilik fəaliyyətinin parlaq səhifələrini təşkil edir. O, çox yaxşı dərk edirdi ki, güclü iqtisadi müstəqillik olmadan heç bir siyasi müstəqillikdən dəm vurmaq olmaz.

İqtisadi potensialın artımı sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olundu, hərbçilərin peşəkarlıq səviyyəsi yüksəldildi. Heydər Əliyevin memarı olduğu bu mükəmməl inkişaf mexanizmi uzun illər boyu xalqımızın rifahı və ölkəmizin beynəlxalq əlaqələrinin şaxələnməsi üçün əsas hərəkətverici qüvvə oldu. Heydər Əliyev siyasi və ideoloji kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyev Azərbaycanı öz tarixinin ən qüdrətli, yenilməz və fəxarətli dövlətinə çevirməyi bacardı. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı möhtəşəm Qələbə 15 İyun – Milli Qurtuluş günündən başlanan çətin, lakin şərəfli yolun ən böyük və tarixi uğurudur. ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deyən Müzəffər Lider xalqımızın qürurunu özünə qaytardı. Bu gün azad Qarabağda üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin əbədiliyinin və dövlətimizin sarsılmaz gücünün ən böyük təsdiqidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu