Tarixin yaddaşında xüsusi yer tutan 1991-1993-cü illər Azərbaycan üçün anarxiya, iqtisadi uçurum və mənəvi tənəzzül dövrü kimi səciyyələnir. Ovaxtkı naşı və qeyri-peşəkar iqtidarın buraxdığı kobud siyasi səhvlər ucbatından dövlət sərhədlərimiz deşilib tökülür, ərazilərimiz bir-birinin ardınca yadelli işğalçılar tərəfindən zəbt edilirdi. Ölkənin daxilində isə qardaş qırğını reallığa çevrilmişdi; hakimiyyət iddialarında olan ayrı-ayrı qruplar xalqın taleyini unudaraq yalnız kreslo uğrunda mübarizə aparırdılar. Cəmiyyətin sabaha olan inamı tamamilə qırılmışdı. Bütün bu bəlalardan yaxa qurtarmağın yalnız bir yolu var idi: dövlət idarəçiliyinin sükanını xalqın qəlbində taxt qurmuş, beynəlxalq miqyaslı siyasi xadim Heydər Əliyevə etibar etmək.
Vətənin ən çətin və dar günündə tarixi məsuliyyətdən boyun qaçırmayan ulu öndər Heydər Əliyev fədakar əməyi ilə Azərbaycan dövlətçiliyini sözün həqiqi mənasında ipin ucundan qaytardı. 1993-cü ilin iyununda dahi rəhbərin xilaskar kimi dönüşü təkcə daxili siyasi qüvvələr arasındakı qanlı toqquşmaların qarşısını almadı, həm də xarici düşmənlərin və müxtəlif beynəlxalq mərkəzlərin respublikamızı bölüşdürmək planlarını alt-üst etdi. Dövlət idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi, ordu quruculuğunda mərkəzləşdirilmiş vahid komandanlıq prinsipi tətbiq olundu. 15 İyun tarixi sübut etdi ki, əsl lider böhran anında milləti birləşdirən və onu uçurumdan zirvələrə doğru yönləndirməyi bacaran ən qüdrətli qüvvədir. Heydər Əliyevin düşünülmüş, qətiyyətli və praqmatik dövlət siyasəti sayəsində Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrildi.
Eyni zamanda, iqtisadi qüdrətin artması ordu quruculuğunda inqilabi islahatların aparılmasına şərait yaratdı. Pərakəndə silahlı dəstələr ləğv edildi, dövlətin müdafiə qabiliyyətini maksimum səviyyəyə çatdıran peşəkar silahlı qüvvələr yaradıldı. Paralel olaraq, 1992-ci ildə hələ Naxçıvanda ikən əsası qoyulan Yeni Azərbaycan Partiyası (YAP) iqtidar partiyası kimi bütün ölkəboyu təşkilatlanaraq müasir siyasi sistemin təşəkkül tapmasında və cəmiyyətin inkişafa səfərbər edilməsində həlledici avanqard qüvvə kimi çıxış etməyə başladı. Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi ictimai-siyasi sabitlik və tərəqqi bünövrəsi üzərində ucalan Azərbaycan, bu gün Prezident İlham Əliyevin komandanlığı altında dünyanı heyrətə gətirən möhtəşəm uğurlara imza atır. Qarabağın və Şərqi Zəngəzurun düşmən əsarətindən azad edilməsi bizim qurtuluş salnaməmizin ən uca, ən qürurverici və şərəfli zirvəsidir. Ulu Öndərin Azərbaycanın bütövlüyü, gələcək tərəqqisi və qüdrəti ilə bağlı qurduğu ən böyük xəyallar məhz bu gün cənab İlham Əliyevin siyasəti ilə həyata vəsiqə qazanır. Biz əminliklə deyə bilərik ki, qurtuluşumuz əbədidir, zəfərlərimiz isə daimidir!.
YAP Nizami rayon təşkilatının Analitik qrupu