Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.
Dahi dövlət xadiminin hakimiyyətə qayıdışı xalq-lider birliyinin ən parlaq təzahürü idi. 15 İyun tarixində Ali Sovetin sədri seçilən Heydər Əliyev milli həmrəylik ideyasını irəli sürərək cəmiyyəti parçalanmaqdan xilas etdi. Onun zəngin təcrübəsi dövlətin onurğa sütununu yenidən bərpa etdi.
Milli Qurtuluşdan başlayan inkişaf xətti ölkənin bütün resurslarının dövlətçilik naminə səfərbər edilməsinə xidmət edirdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının uğurları və peşəkar hərbi hissələrin yaradılması müasir və qüdrətli Azərbaycanın sütunlarını təşkil etdi. Milli Qurtuluş günündən başlayan şanlı yol bizi 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfərinə çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu, Ümummilli Liderin və bütün şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu