
Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, i̇qtisadi təməllərimizin güclənməsinin ən tarixi və müqəddəs bəhrəsi müzəffər ordu quruculuğudur.
Neft və qazdan büdcəyə daxil olan vəsaitlər məqsədyönlü şəkildə ən müasir silah-sursatın alınmasına, hərbi sənayenin inkişafına yönəldildi. 30 il ərzində düşmən tapdağında qalan yurd yerlərimizi cəmi 44 gün ərzində, həm də mürəkkəb qlobal təzyiqlərə rəğmən azad etməyimiz, Ermənistanı kapitulyasiya aktına məcbur etməyimiz bu mükəmməl iqtisadi-hərbi sinerjinin nəticəsi idi. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir. Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı.
Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda enerji siyasətimizin humanitar və birləşdirici tərəfi odur ki, zəngin resurslarımız heç vaxt digər ölkələrə qarşı şantaj və ya təzyiq aləti kimi istifadə edilməmişdir. Əksinə, cənab Prezidentin də qeyd etdiyi kimi, Mərkəzi Asiyadan Xəzər vasitəsilə çəkilməsi planlaşdırılan yeni yaşıl enerji kabelləri bütün Türk dünyasını və Asiyanı Avropa ilə birləşdirən böyük sülh körpüsünə çevriləcək. Bu siyasət geniş Avrasiya məkanında əmin-amanlığın ən güclü sığortasıdır. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu