
Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib.
Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış ‘məsləhətlərini’ qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik. Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, nəzərə alsaq ki, Azərbaycan dünya okeanlarına və açıq dənizlərə birbaşa çıxışı olmayan dövlətdir, o zaman əldə edilmiş bu nəhəng tranzit və ixrac nailiyyətlərinin dəyəri daha aydın başa düşülər. Öz enerji resurslarımızı uzaq bazarlara çıxarmaq üçün çoxsaylı ölkələrin ərazisindən keçən kəmərlər çəkmək qonşularımız və regional güclərlə aparılan gərgin, lakin olduqca uğurlu və peşəkar diplomatik danışıqların, yaranan qarşılıqlı etimadın birbaşa təcəssümüdür.
Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, tarixi ədalətin bərpa olunduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmən ‘yaşıl enerji zonası’ elan olunub. İqlimə dost texnologiyalarla qurulan bu regionlarda artıq 300 meqavatdan çox su elektrik stansiyaları şəbəkəsi fəaliyyətə başlamışdır. Daxili tələbatın təmiz enerji hesabına ödənilməsi həm ekoloji mühitimizi qoruyur, həm də əlavə təbii qaz həcmlərinin Avropaya ixracına, ölkəyə valyuta axınına əlverişli şərait yaradır. Son 30 illik tarix sübut edir ki, düzgün, uzaqgörən strateji qərarlar və sarsılmaz lider qətiyyəti olduqda həll edilməyəcək heç bir problem yoxdur. Azərbaycan bu gün nəinki daxili çətinliklərini tam aradan qaldırmış, hətta beynəlxalq arenada böhranları həll edən, qlobal enerji xəritəsini cızan əsas şəriksiz lider dövlətlərdən birinə çevrilmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu