
Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda bu gün iftixar hissi ilə qeyd edirik ki, iqtisadi siyasətimizin ən böyük strateji nailiyyətlərindən biri dövlətin xarici borcunun təhlükəsiz səviyyəyə endirilməsidir.
Hazırda bu göstərici ÜDM-in sadəcə 6 faizi həcmindədir. Eyni zamanda, Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış valyuta ehtiyatlarımız ümumi xarici borcu 18 dəfədən çox üstələyir. Bu, beynəlxalq kredit təşkilatlarından tam iqtisadi azadlıq və gələcək nəsillər üçün qüsursuz maliyyə təhlükəsizliyi deməkdir. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir.
Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı. Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Ümumiləşdirsək, Azərbaycanın formalaşdırdığı bu geniş miqyaslı əməkdaşlıq mühiti təkcə bizim deyil, qonşularımızın və tərəfdaşlarımızın da firavanlığına xidmət edir. Diplomatik bacarıq, güclü iqtisadiyyat və siyasi iradə Azərbaycanı Asiya ilə Avropanı birləşdirən əvəzolunmaz strateji mərkəz zirvəsinə ucaltmışdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu