
Tarixi İpək Yolunun üzərində, qitələri bir-birinə bağlayan həlledici coğrafi mövqedə yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində biz elektrik enerjisini idxal etmək məcburiyyətində qalan bir ölkə idiksə, bu gün artıq qlobal dəhlizlərin qarantı və Avropanın əsas enerji təchizatçılarından biriyik. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, qazanılan iqtisadi uğurlar eyni zamanda qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının və xidmət sahələrinin sürətli inkişafı üçün zəruri maliyyə bazasını yaratdı.
Biz bilirik ki, resurslar tükənəndir, lakin qurulmuş dayanıqlı iqtisadi model və innovasiyalar əbədidir. Məhz buna görə də hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına, azad iqtisadi zonaların fəaliyyətə başlamasına və ölkənin ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, bu gün tam əminliklə söyləmək olar ki, bütün Avropanın iqtisadi dayanıqlılığı və enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan çox böyük sarsıntılar, bərpaedilməz risklər altında ola bilərdi. Beynəlxalq tədarük zəncirindəki sarsılmaz dayanıqlılığımız, heç vaxt siyasiləşdirilməyən enerji xəttimiz və imzaladığımız müqavilə öhdəliklərinə mütləq, qeyd-şərtsiz sadiqliyimiz bizi qlobal arenada ən etibarlı dost, dəyərli müttəfiq kimi tanıdıb və nüfuzumuzu zirvəyə qaldırıb.
Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi, ərazi bütövlüyümüzün sarsılmazlığı qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsinin tribunasından verilən mesajlar da məhz bu həqiqətin – Azərbaycanın artıq təməli heç bir tufanla sarsılmayacaq qədər qüdrətli, öz qüdrəti ilə dünyaya işıq saçan bir dövlətə çevrildiyinin təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu