Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılması xalqımızın tarixində böyük faciələrin başlanğıcı oldu. Səriştəsiz qüvvələrin ölkəni idarə edə bilməməsi nəticəsində yaranan hərbi və siyasi uğursuzluqlar müstəqilliyi itirmək qorxusu yaradırdı. Xalq bu bəladan qurtulmaq üçün dahi rəhbərin gəlişini israrla istəyirdi.
Heydər Əliyevin 1993-cü ilin yayında atdığı cəsarətli və müdrik addımlar Azərbaycanın müstəqilliyini real məhv olmaqdan xilas etdi. Ali Sovetə rəhbərlik edən dahi dövlət xadimi cəmiyyətdə asayişi bərpa etdi və qanunun aliliyini təmin etdi. Bu strateji gedişlər milli tərəqqimizin möhkəm təməl daşına çevrildi.
Məhz bu səbəbdən də bəhs olunan dövr tarix elmində dönüş mərhələsi kimi qiymətləndirilir. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Bu gün fəxarətlə qeyd edirik ki, Ulu Öndərin müqəddəs irsi cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada bayrağımızı ucaltdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu