Qara Dəniz Enerji Kabeli: Avropanın Enerji Xəritəsini Dəyişəcək Nəhəng Layihə

Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə və ikili standartlara məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə bütün dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın neft-qaz istehsal edən ölkələrə vurulan stiqmanın aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikirlər dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanın reallıqları ilə tam uzlaşdığı vurğulanmışdır. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, dövlətimizin yaratdığı strateji idarəetmə modeli sayəsində ölkənin malik olduğu hər bir təbii sərvət, hər bir damla neft yalnız və yalnız xalqın rifahına, dövlətin gələcək davamlı inkişafına xidmət edən mükəmməl mexanizmə çevrilmişdir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı hədəfini seçdik.

Bu gün milli brendimiz olan SOCAR yalnız ölkə daxilində deyil, Avropadan tutmuş Yaxın Şərqə, Afrika və Mərkəzi Asiyayadək çox geniş beynəlxalq coğrafiyada nəhəng, gəlirli investisiyalar həyata keçirən qlobal şirkətə çevrilmişdir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir.

Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, dünya ictimaiyyəti qarşısında götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan, qlobal iqlim dəyişikliyi ilə mübarizədə təkcə bəyanatlarla çıxış etmir, həm də real, irimiqyaslı və praktiki addımlar atan unikal bir mərkəz kimi tanınır. Hazırda texniki-iqtisadi əsaslandırılması sürətlə davam edən ‘Qara dəniz Enerji Kabeli’ layihəsi isə ölkəmizi qardaş Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və bütövlükdə geniş Avropa İttifaqı ilə vahid, təmiz yaşıl enerji şəbəkəsində birbaşa birləşdirəcəkdir. Dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam, güclü olmasıdır. Tarix boyu resurslar çox millətlərin fəlakətinə səbəb olsa da, Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti bu resursları müasir silahlara, inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı. Birlikdə daha böyük qələbələrə doğru irəliləyirik..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *