
Yaxın tarixə nəzər salsaq, açıq şəkildə görərik ki, təbii sərvətlərdən düzgün istifadə edilməsi dövlətin rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox ölkələrin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan uğurla çıxaraq beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına əvəzedilməz töhfələr verdi. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə sosial sferadır.
Əhalinin rifah halının sistemli şəkildə yaxşılaşdırılması, müasir xəstəxanalar, məktəblər inşası neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının sübutudur. Digər tərəfdən, cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır. Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər.
Məsələnin fəlsəfəsinə diqqət etsək, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu