
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, azərbaycanın ardıcıl siyasət nəticəsində əldə etdiyi mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam sərbəst, cəsarətli və heç kimdən çəkinmədən müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.
Bizi seçdiyimiz inkişaf yolundan döndərmək istəyən, qərəzli və süni ‘məsləhətlər’ verən dairələrin təzyiqlərini qulaqardına vuraraq, məhz xalqın və milli dövlətçiliyin maraqlarına əsaslanan praqmatik proqram icra etdik. Bunun məntiqi nəticəsi kimi aparıcı beynəlxalq reytinq agentlikləri bu gün Azərbaycan iqtisadiyyatını ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edirlər. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq.
Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, ölkəmizin enerji təhlükəsizliyi sahəsində apardığı siyasətin və qurduğu strategiyanın əsas ali hədəfi – çoxşaxəli regional əməkdaşlığı ardıcıl olaraq beynəlxalq sülh prosesinə dərindən inteqrasiya etməkdir. Bizim zəngin yeraltı resurslarımız heç zaman kiməsə qarşı şantaj və ya siyasi təzyiq vasitəsi olmamış, əksinə, davamlı inkişaf platforması kimi tərəqqiyə xidmət etmişdir. Dövlətimizin yürütdüyü bu uzaqgörən, humanist və hesablanmış xarici siyasət kursu bütövlükdə Avrasiya üçün çox mühüm siyasi-iqtisadi sığorta mexanizmidir. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu