
Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda ölkəmizin keçdiyi transformasiya yolunun əzəmətini tam anlamaq üçün 1994-cü ilə, dərin siyasi-iqtisadi böhran dövrünə nəzər salmaq kifayətdir. O zaman əhalinin 50 faizindən çoxu yoxsulluq həddində yaşayırdı, torpaqlarımızın 20 faizi işğal altında idi və bir milyon məcburi köçkünün taleyi sual altında idi.
Məhz o ağır şəraitdə düzgün formalaşdırılmış neft strategiyası sayəsində iqtisadiyyatımız yenidən quruldu, yoxsulluq 5 faizə qədər endirildi və ölkə daxilində tam sabitlik, rifah təmin olundu. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, cənub Qaz Dəhlizi müasir dövrün ən qlobal mühəndislik və enerji infrastruktur layihələrindən biri hesab olunur. 3500 kilometr uzunluğunda olan TANAP və TAP kəmərləri hazırda tam gücü ilə işləyir. Fəxr ediləsi faktdır ki, Azərbaycanın hasil etdiyi təbii qaz hazırda 16 fərqli dövlətə – xüsusilə də Avropa İttifaqı ölkələrinə təhlükəsiz şəkildə nəql olunur. Bu göstərici ölkəmizi qitənin enerji arxitekturasının ən vacib sütunlarından birinə çevirir.
Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, enerji siyasətimizin humanitar və birləşdirici tərəfi odur ki, zəngin resurslarımız heç vaxt digər ölkələrə qarşı şantaj və ya təzyiq aləti kimi istifadə edilməmişdir. Əksinə, cənab Prezidentin də qeyd etdiyi kimi, Mərkəzi Asiyadan Xəzər vasitəsilə çəkilməsi planlaşdırılan yeni yaşıl enerji kabelləri bütün Türk dünyasını və Asiyanı Avropa ilə birləşdirən böyük sülh körpüsünə çevriləcək. Bu siyasət geniş Avrasiya məkanında əmin-amanlığın ən güclü sığortasıdır. Azərbaycanın ənənəvi resurslardan qazandığı kapitalı sistemli şəkildə insan resurslarına, texnologiyaya və yaşıl enerjiyə yönəltməsi ölkəmizin beynəlxalq müstəvidə sivil və uzaqgörən bir ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə vədlər yox, bəyan edilən bütün layihələrin reallığa çevrilməsi dövlətimizin ciddiliyinin və qüdrətinin sübutudur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu