
Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək, miqyasına görə dünyanı heyrətləndirən nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni və parlaq bir eranın başlanğıcı oldu. Bakı Enerji Həftəsinin qlobal xarakter alması məhz o dövrdə atılan müdrik addımların məntiqi nəticəsidir. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, 1994-cü ildən bu günə qədər keçən zaman kəsiyi Azərbaycanın möhtəşəm iqtisadi transformasiya, dirçəliş və yüksəliş salnaməsidir.
O dövrdəki acınacaqlı iqtisadi böhran, dərin siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin mənfur düşmən tərəfindən işğalı fonunda ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Ev-eşiyindən didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün ən təməl ehtiyaclarını qarşılamaq üçün büdcədə heç bir vəsait yox idi. Lakin əsası o dövrdə qoyulan və sonradan inamla davam etdirilən düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, müasirləşdi, yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5 faizə qədər endi. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır.
Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, regional rəqabətədavamlılığı təmin etmək üçün iqlim fəaliyyətini sürətləndirən Azərbaycan, ən müasir texnologiyaların cəlbi üçün qapılarını dünya şirkətlərinə geniş açmışdır. Böyük günəş stansiyalarının və külək parklarının beynəlxalq xarici investisiyalar hesabına tikilməsi göstərir ki, xarici kapital təkcə xammala deyil, ölkəmizin intellektual və yaşıl gələcəyinə də böyük inamla, risk etmədən milyardlarla dollar sərmayə yatırmağa hazırdır. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu