
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, azərbaycan hökumətinin iqtisadi şaxələndirmə siyasəti təkcə makroiqtisadi rəqəmlərdə deyil, insanların gündəlik həyat şəraitinin köklü surətdə dəyişməsində, abadlaşan bölgələrdə və yeni açılan yüz minlərlə iş yerində özünü göstərir.
Vaxtilə paytaxtla regionlar arasında olan inkişaf fərqi qəbul edilmiş məqsədyönlü Dövlət Proqramları vasitəsilə sürətlə aradan qaldırıldı. Bu gün ucqar dağ kəndlərində belə ən müasir infrastruktur, fasiləsiz elektrik və qaz təchizatı mövcuddur. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır; dəniz limanlarımız, xüsusən də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa və ən təhlükəsiz yük daşımalarını təmin edir. Gələcəkdə qazın və neftin daşınması ilə yanaşı, qeyri-neft məhsullarının tranziti də ölkəmizə milyardlarla əlavə vəsait və daimi geosiyasi dəstək gətirəcək əsas iqtisadi sütunlardan biri olacaqdır.
Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, bütün bu innovativ və yaşıl layihələrin tam mərkəzində dayanan əsas fəlsəfə odur ki, biz iqtisadi inkişafa can atarkən heç bir halda təbiətimizi və gələcək nəsillərin təmiz ekoloji mühitdə yaşamaq haqqını qurban vermirik. Məhz buna görə də, inkişaf etmiş dövlətlərin böyük diqqətlə izlədiyi enerji keçidi prosesini Azərbaycan bir çoxlarından daha sürətli, daha mütəşəkkil və heç bir daxili iqtisadi sarsıntıya yol vermədən həyata keçirir. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu