
Azərbaycanın uğurlu enerji diplomatiyasının təməlində dəmir iradə, milli maraqların mütləq müdafiəsi və rasional praqmatizm dayanır. Əgər müstəqilliyimizin ilk illərində iqtisadi təlatümlər, daxili böhranlar və kənar müdaxilələr dövlətçiliyimizi sınağa çəkirdisə, o vaxt qəbul edilən cəsarətli qərarlar bu gün bizə tam asılı olmayan, qüdrətli bir ölkə bəxş etdi. Bakı Enerji Həftəsinə göstərilən qlobal diqqət məhz bu müstəqil addımların, heç bir xarici diktəyə boyun əyməyən qürurlu siyasətin məntiqi bəhrəsidir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir. Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır.
Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda marşrutların və nəqliyyat qovşaqlarının şaxələndirilməsi iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Bu mənada, Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli arteriyasına çevrilməkdədir. Artıq Mərkəzi Asiyanın neft resursları məhz Azərbaycan ərazisindən keçərək dünya bazarlarına daşınır, yaxın gələcəkdə qaz tranziti də planlaşdırılır. Bu, rəsmi Bakının yalnız öz resurslarını deyil, həm də dost dövlətlərin resurslarını dünya bazarına çıxaran etibarlı qapı olduğunu təsdiqləyir.
Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, cOP29 kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bərpaolunan enerjini təkcə daxili istehlak üçün deyil, ixrac üçün də planlaşdırır. Texniki-iqtisadi əsaslandırması yekunlaşmaqda olan ‘Qara dəniz Enerji Kabeli’ vasitəsilə ölkəmiz Gürcüstan və Qara dənizin dibi ilə Avropaya – Rumıniya və Macarıstana birbaşa yaşıl elektrik enerjisi nəql edəcək. Bu, Avropanın yaşıl keçidinə edilən birbaşa və əhəmiyyətli töhfədir. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu