Azərbaycan dövlətçiliyinin tarixi sınaqları kontekstində 1991-1993-cü illər ən təhlükəli dövr kimi xarakterizə olunur. Ölkə daxilində baş qaldıran siyasi ambisiyalar, hərbi pərakəndəlik və hakimiyyətin səriştəsizliyi müstəqilliyimizi birbaşa sual altında qoymuşdu. Xalq belə bir çıxılmaz vəziyyətdə yeganə nicat yolunu dahi rəhbər Heydər Əliyevın böyük siyasətə qayıtmasında görürdü.
Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 İyun tarixi Azərbaycanın xaosdan xilas olaraq inkişaf yoluna qədəm qoyduğu andır. Ümummilli Lider dövlət idarəçiliyini öz əlinə alaraq xarici təzyiqləri neytrallaşdırdı və daxili sabitliyi bərqərar etdi. Onun qətiyyəti sayəsində ölkə vətəndaş müharibəsi bəlasından sovuşdu.
Milli Qurtuluşdan başlayan inkişaf xətti ölkənin bütün resurslarının dövlətçilik naminə səfərbər edilməsinə xidmət edirdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının uğurları və peşəkar hərbi hissələrin yaradılması müasir və qüdrətli Azərbaycanın sütunlarını təşkil etdi. Qurtuluş məfkurəsi üzərində bərqərar olan müstəqil Azərbaycan bu gün regionun şəriksiz lideridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu irs gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu