Milli dövlətçilik tariximizin acı dərslərindən biri də Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən sonra cərəyan edən proseslərdir. Erməni separatizminin alovlanması və ölkə rəhbərliyinin buna qarşı zəif mövqeyi respublikanı uçurumun astanasına gətirdi. 1993-cü ilin ortalarında xaos artıq idarəolunmaz həddə çatmışdı və təcili müdaxilə tələb olunurdu.
Vətənin parçalanma ərəfəsində olduğu bir vaxtda xalqın səsinə səs verən Ulu Öndər dövlətçiliyimizin qarantına çevrildi. 15 İyun qurtuluşu ilə ölkədəki anarxiyaya son qoyuldu, qanunsuz hərbi birləşmələr ləğv edildi. Bu zəfər Azərbaycanın müasir hüquqi sisteminin qurulmasına yol açdı.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda atılan addımlar həm də güclü ordu quruculuğu ilə müşayiət olunurdu. Heydər Əliyevin uzaqgörən xarici siyasəti sayəsində Azərbaycan qlobal layihələrin mərkəzi oldu, neft gəlirləri isə milli hərbi potensialın gücləndirilməsinə yönəldildi. Milli Qurtuluş günündən başlayan şanlı yol bizi 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfərinə çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu, Ümummilli Liderin və bütün şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu