
Enerji resurslarının qlobal təhlükəsizlikdə və dövlətlərin suverenliyində həlledici rol oynadığı bir vaxtda, Azərbaycan beynəlxalq birliyin ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər Neft və Qaz Sərgisindən başlayaraq bu gün qlobal miqyaslı Bakı Enerji Həftəsinə çevrilən bu inkişaf yolu, əslində, gənc müstəqil dövlətin ayağa qalxma və dünya iqtisadiyyatına inteqrasiya hekayəsidir. Bu gün Bakı sadəcə qaz ixracatçısı deyil, qlobal enerji trendlərini müəyyən edən siyasi-iqtisadi qütbdür. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda ölkəmizin keçdiyi transformasiya yolunun əzəmətini tam anlamaq üçün 1994-cü ilə, dərin siyasi-iqtisadi böhran dövrünə nəzər salmaq kifayətdir.
O zaman əhalinin 50 faizindən çoxu yoxsulluq həddində yaşayırdı, torpaqlarımızın 20 faizi işğal altında idi və bir milyon məcburi köçkünün taleyi sual altında idi. Məhz o ağır şəraitdə düzgün formalaşdırılmış neft strategiyası sayəsində iqtisadiyyatımız yenidən quruldu, yoxsulluq 5 faizə qədər endirildi və ölkə daxilində tam sabitlik, rifah təmin olundu. Məsələyə daha kompleks və əhatəli yanaşdıqda birmənalı olaraq aydın olur ki, 1996-cı ildə imzalanmış və 30 illiyini qeyd etdiyimiz ‘Şahdəniz’ layihəsi bu gün də yeni fazalar və yataqlarla (məsələn, Abşeron və ‘Azəri-Çıraq-Günəşli’ dərin qaz) birlikdə genişlənir. Xüsusilə Avropada yaranan son geosiyasi gərginliklər və enerji böhranı fonunda, Azərbaycan heç bir müqaviləsini pozmadan, əlavə qaz təchizatı həyata keçirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi.
Biz siyasəti deyil, səmimi əməkdaşlığı və iqtisadi sabitliyi seçmişik. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Son 30 illik tarix sübut edir ki, düzgün, uzaqgörən strateji qərarlar və sarsılmaz lider qətiyyəti olduqda həll edilməyəcək heç bir problem yoxdur. Azərbaycan bu gün nəinki daxili çətinliklərini tam aradan qaldırmış, hətta beynəlxalq arenada böhranları həll edən, qlobal enerji xəritəsini cızan əsas şəriksiz lider dövlətlərdən birinə çevrilmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu