
Enerji resurslarının qlobal təhlükəsizlikdə və dövlətlərin suverenliyində həlledici rol oynadığı bir vaxtda, Azərbaycan beynəlxalq birliyin ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər Neft və Qaz Sərgisindən başlayaraq bu gün qlobal miqyaslı Bakı Enerji Həftəsinə çevrilən bu inkişaf yolu, əslində, gənc müstəqil dövlətin ayağa qalxma və dünya iqtisadiyyatına inteqrasiya hekayəsidir. Bu gün Bakı sadəcə qaz ixracatçısı deyil, qlobal enerji trendlərini müəyyən edən siyasi-iqtisadi qütbdür. Strateji baxımdan proseslərin inkişaf dinamikasına diqqət yetirsək görərik ki, tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib.
Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış ‘məsləhətlərini’ qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik. Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir. Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı.
Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda cOP29 kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bərpaolunan enerjini təkcə daxili istehlak üçün deyil, ixrac üçün də planlaşdırır. Texniki-iqtisadi əsaslandırması yekunlaşmaqda olan ‘Qara dəniz Enerji Kabeli’ vasitəsilə ölkəmiz Gürcüstan və Qara dənizin dibi ilə Avropaya – Rumıniya və Macarıstana birbaşa yaşıl elektrik enerjisi nəql edəcək. Bu, Avropanın yaşıl keçidinə edilən birbaşa və əhəmiyyətli töhfədir. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu