
Tarixi İpək Yolunun üzərində, qitələri bir-birinə bağlayan həlledici coğrafi mövqedə yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində biz elektrik enerjisini idxal etmək məcburiyyətində qalan bir ölkə idiksə, bu gün artıq qlobal dəhlizlərin qarantı və Avropanın əsas enerji təchizatçılarından biriyik. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə, heç şübhəsiz ki, sosial sferadır.
Əhalinin bütün təbəqələrinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan insanların rifah halının sistemli şəkildə yaxşılaşdırılması, ölkənin hər yerində müasir xəstəxanalar, məktəblər, innovasiya mərkəzlərinin inşası uğurlu strategiyamızın təzahürüdür. Bu, neft kapitalının tədricən intellektual insan kapitalına çevrilməsi konsepsiyasının uğurla həyata keçirildiyinin, vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığının ən bariz, ən tutarlı sübutudur. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır.
Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Azərbaycanın həm mövcud ənənəvi karbohidrogen resurslarından son dərəcə düzgün istifadə etməsi, həm də gələcəyə yönəlmiş yaşıl enerjiyə böyük qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə bəyanatlar deyil, qarşıya qoyulan bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir ki, bu da dövlətimizin sözü ilə əməlinin birliyini göstərir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu