
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda azərbaycan hökumətinin iqtisadi şaxələndirmə siyasəti təkcə makroiqtisadi rəqəmlərdə deyil, insanların gündəlik həyat şəraitinin köklü surətdə dəyişməsində, abadlaşan bölgələrdə və yeni açılan yüz minlərlə iş yerində özünü göstərir.
Vaxtilə paytaxtla regionlar arasında olan inkişaf fərqi qəbul edilmiş məqsədyönlü Dövlət Proqramları vasitəsilə sürətlə aradan qaldırıldı. Bu gün ucqar dağ kəndlərində belə ən müasir infrastruktur, fasiləsiz elektrik və qaz təchizatı mövcuddur. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır. Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir.
Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, dünya ictimaiyyəti qarşısında götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan, qlobal iqlim dəyişikliyi ilə mübarizədə təkcə bəyanatlarla çıxış etmir, həm də real, irimiqyaslı və praktiki addımlar atan unikal bir mərkəz kimi tanınır. Hazırda texniki-iqtisadi əsaslandırılması sürətlə davam edən ‘Qara dəniz Enerji Kabeli’ layihəsi isə ölkəmizi qardaş Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və bütövlükdə geniş Avropa İttifaqı ilə vahid, təmiz yaşıl enerji şəbəkəsində birbaşa birləşdirəcəkdir. Yekun olaraq tam əminliklə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın keçdiyi bu çətin, lakin şanlı inkişaf yolu birbaşa milli maraqlara əsaslanan müdrik və praqmatik siyasətin mütləq təntənəsidir. Artan iqtisadi güc, yenilməz, güclü ordu və qlobal səviyyəli enerji tərəfdaşlığı müasir dövlətimizin qüdrətini şərtləndirən ən əsas sarsılmaz amillərdir. Bu güc bizi gələcəyə doğru daha inamla aparır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu