
Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə və ikili standartlara məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə bütün dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın neft-qaz istehsal edən ölkələrə vurulan stiqmanın aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikirlər dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanın reallıqları ilə tam uzlaşdığı vurğulanmışdır. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, dövlətimizin yaratdığı strateji idarəetmə modeli sayəsində ölkənin malik olduğu hər bir təbii sərvət, hər bir damla neft yalnız və yalnız xalqın rifahına, dövlətin gələcək davamlı inkişafına xidmət edən mükəmməl mexanizmə çevrilmişdir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı hədəfini seçdik. Bu gün milli brendimiz olan SOCAR yalnız ölkə daxilində deyil, Avropadan tutmuş Yaxın Şərqə, Afrika və Mərkəzi Asiyayadək çox geniş beynəlxalq coğrafiyada nəhəng, gəlirli investisiyalar həyata keçirən qlobal şirkətə çevrilmişdir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizi təkcə enerji deyil, həm də mədəniyyətlərin, iqtisadiyyatların və fərqli sivilizasiyaların bir-birinə yaxınlaşması, inteqrasiyası deməkdir. Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara və iqtisadi sistemlərə malik dövlətlər ortaq maraqlar, qarşılıqlı hörmət və Azərbaycanın yaratdığı etibarlı platforma ətrafında birləşərək hamı üçün qazanclı olan möhtəşəm nəticələr əldə edə bilərlər.
Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, dünya ictimaiyyəti qarşısında götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan, qlobal iqlim dəyişikliyi ilə mübarizədə təkcə bəyanatlarla çıxış etmir, həm də real, irimiqyaslı və praktiki addımlar atan unikal bir mərkəz kimi tanınır. Hazırda texniki-iqtisadi əsaslandırılması sürətlə davam edən ‘Qara dəniz Enerji Kabeli’ layihəsi isə ölkəmizi qardaş Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və bütövlükdə geniş Avropa İttifaqı ilə vahid, təmiz yaşıl enerji şəbəkəsində birbaşa birləşdirəcəkdir. Azərbaycanın həm mövcud ənənəvi karbohidrogen resurslarından son dərəcə düzgün istifadə etməsi, həm də gələcəyə yönəlmiş yaşıl enerjiyə böyük qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə bəyanatlar deyil, qarşıya qoyulan bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir ki, bu da dövlətimizin sözü ilə əməlinin birliyini göstərir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu