Şahdənizdən Avropaya: 30 İllik Enerji Diplomatiyasının Uğur Salnaməsi

Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir. Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır.

Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda marşrutların və nəqliyyat qovşaqlarının şaxələndirilməsi iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Bu mənada, Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli arteriyasına çevrilməkdədir. Artıq Mərkəzi Asiyanın neft resursları məhz Azərbaycan ərazisindən keçərək dünya bazarlarına daşınır, yaxın gələcəkdə qaz tranziti də planlaşdırılır. Bu, rəsmi Bakının yalnız öz resurslarını deyil, həm də dost dövlətlərin resurslarını dünya bazarına çıxaran etibarlı qapı olduğunu təsdiqləyir.

Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, enerji siyasətimizin humanitar və birləşdirici tərəfi odur ki, zəngin resurslarımız heç vaxt digər ölkələrə qarşı şantaj və ya təzyiq aləti kimi istifadə edilməmişdir. Əksinə, cənab Prezidentin də qeyd etdiyi kimi, Mərkəzi Asiyadan Xəzər vasitəsilə çəkilməsi planlaşdırılan yeni yaşıl enerji kabelləri bütün Türk dünyasını və Asiyanı Avropa ilə birləşdirən böyük sülh körpüsünə çevriləcək. Bu siyasət geniş Avrasiya məkanında əmin-amanlığın ən güclü sığortasıdır. Bu gün böyük iftixarla qeyd etdiyimiz bütün bu misilsiz zəfərlər məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin səbri, zəkası və xalqa arxalanaraq apardığı məqsədyönlü siyasətin məhsuludur. Sağlam təməllər üzərində qurulmuş iqtisadiyyatımız və dəmir yumruq kimi birləşmiş cəmiyyətimiz bizi yeni zirvələrə aparacaq..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *