Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndərin Bakıya gəlişini tələb etdi. Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu.
15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı. Şübhəsiz ki, xalqımızın milli maraqları hər bir addımda ən ali meyar kimi götürülmüşdür. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenada nüfuzunu sürətlə artırdı.
Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz qlobal enerji dəhlizinə çevrildi, əldə olunan gəlirlər isə birbaşa ordu quruculuğuna və modern silahların alınmasına istiqamətləndirildi. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu