Tarixin Sınaqlarından Çıxmış Məğrur Dövlət: 15 İyunun Dərsləri

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri xalqımız üçün çox böyük faciələr, itkilər və mürəkkəb sınaqlarla yadda qaldı. 1990-cı illərin əvvəllərində ölkədə vahid mərkəzdən idarəolunma sisteminin tamamilə iflasa uğraması, iqtisadi tənəzzülün pik həddə çatması və hakimiyyət daxilindəki bitib-tükənməyən çəkişmələr respublikamızı vətəndaş müharibəsi astanasına gətirmişdi. Xaricdən dəstəklənən erməni hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın ardıcıl olaraq işğal edilməsi isə vəziyyəti daha da dözülməz edirdi. Belə bir taleyüklü, ağır və qaranlıq məqamda xalqın tək və yeganə xilas ümidi tarixi şəxsiyyət, dərin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışı idi. Cəmiyyətin bütün təbəqələri anlayırdı ki, yalnız Onun qətiyyəti ölkəni bu fəlakətdən qurtara bilər. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.

1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Ulu Öndər dövlət idarəçiliyi mexanizmlərini qısa müddətdə modernləşdirdi, idarəetmədə şəffaflıq və ləyaqət prinsiplərini önə çəkdi. Həm neft sənayesində, həm qeyri-neft sektorunda, həm də hərbi sənayedə reallaşdırılan qlobal strategiyalar Azərbaycanın qarşıdakı onilliklər üçün inkişaf konturlarını cızdı.

Xarici siyasətdə tarazlıq, balanslaşdırılmış münasibətlər sistemi quruldu, Azərbaycan regionda əsas söz sahibinə çevrildi. Qurtuluş günündən başlayan bu zəhmətkeş və uzaqgörən siyasət gələcək nəsillərə qüdrətli, öz qərarlarını sərbəst verə bilən, güclü ordusu olan mükəmməl bir dövlət mirası qoydu. Heydər Əliyev siyasi və ideoloji kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyev Azərbaycanı öz tarixinin ən qüdrətli, yenilməz və fəxarətli dövlətinə çevirməyi bacardı. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı möhtəşəm Qələbə 15 İyun – Milli Qurtuluş günündən başlanan çətin, lakin şərəfli yolun ən böyük və tarixi uğurudur. ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deyən Müzəffər Lider xalqımızın qürurunu özünə qaytardı. Bu gün azad Qarabağda üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin əbədiliyinin və dövlətimizin sarsılmaz gücünün ən böyük təsdiqidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu