1987-ci ildən sonra, xüsusən də 1991-1993-cü illər arasında Azərbaycan tarixinin ən dəhşətli, faciəvi və xaosla dolu günlərini yaşayırdı. SSRİ-nin süqutundan sonra müstəqilliyini elan edən respublikamız idarəçilik qabiliyyəti olmayan qüvvələrin əlində oyuncağa çevrilmişdi. Hərbi uğursuzluqlar, ordunun olmaması, pərakəndəlik və daxili silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi ölkəni daxildən gəmirirdi. Bu azmış kimi, cəbhədə erməni işğalçılarının genişmiqyaslı hücumları xalqımızın qanını axıdır, yüz minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olurdu. Belə bir dar gündə, müstəqilliyin itirilməsi təhlükəsinin pik nöqtəyə çatdığı bir vaxtda, Azərbaycan xalqı üzünü əsl rəhbərə, dahi siyasətçi Heydər Əliyevə tutaraq ondan kömək istədi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının uzunmüddətli ölüm-dirim mübarizəsində əldə etdiyi ən əzəmətli siyasi qələbələrdən biridir.
Heydər Əliyevin dərin analitik zəkası, müdrik idarəçilik fəlsəfəsi və xalq qarşısındakı misilsiz məsuliyyət hissi sayəsində ölkədə tüğyan edən anarxiyaya birdəfəlik son qoyuldu. Cinayətkar ünsürlər və qeyri-qanuni hərbi dəstələr dövlət strukturundan uzaqlaşdırıldı, qanunun aliliyi və cəmiyyətin təhlükəsizliyi təmin edildi. Ümummilli Liderin böyük uzaqgörənliklə qəbul etdiyi qərarlar nəticəsində hüquqi, demokratik dövlət quruculuğunun təməlləri atıldı. İlk demokratik parlament seçkilərinin keçirilməsi və ilk milli Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi məhz həmin dövrdə başlanmış tərəqqi prosesinin ən bariz göstəriciləridir. Heydər Əliyev tərəfindən çoxşaxəli yanaşma ilə həyata keçirilən struktur islahatları dövlət həyatının bütün sferalarını əhatə edirdi. Aqrar sektorda torpaq islahatlarının aparılması, özəlləşdirmə proqramlarının icrası yeni bir azad iqtisadi modelin formalaşmasına gətirib çıxardı.
Digər tərəfdən, Azərbaycanın beynəlxalq tribunalarda öz mövqeyini inamla müdafiə etməsi, xarici güclərin ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını alması dövlət müstəqilliyimizin dönməzliyini bir daha sübuta yetirdi. Yaradılmış vahid mərkəzli və rəşadətli Azərbaycan Ordusu xalqın güvənc yerinə çevrilərək ölkəmizin gələcək zəfərləri üçün hazırlıq mərhələsini uğurla keçdi. Bu gün ən böyük qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti Onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən inamla daha işıqlı gələcəyə doğru aparılır. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsində Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru düşmən tapdağından azad edərək xalqımıza misilsiz Zəfər sevincini bəxş etdi. İşğaldan azad edilmiş dədə-baba torpaqlarımızda həyata keçirilən Böyük Qayıdış proqramı, Xankəndidə və Şuşada alovlandırılan Novruz tonqalları Qurtuluşdan başlanan yolun ən uca, ən parlaq zirvəsidir. Şəhidlərimizin və Ulu Öndərin ruhu şaddır!.
YAP Nizami rayon təşkilatının Analitik qrupu