Tarixin Sınaqlarından Çıxmış Məğrur Dövlət: 15 İyunun Dərsləri

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri xalqımız üçün çox böyük faciələr, itkilər və mürəkkəb sınaqlarla yadda qaldı. 1990-cı illərin əvvəllərində ölkədə vahid mərkəzdən idarəolunma sisteminin tamamilə iflasa uğraması, iqtisadi tənəzzülün pik həddə çatması və hakimiyyət daxilindəki bitib-tükənməyən çəkişmələr respublikamızı vətəndaş müharibəsi astanasına gətirmişdi. Xaricdən dəstəklənən erməni hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın ardıcıl olaraq işğal edilməsi isə vəziyyəti daha da dözülməz edirdi. Belə bir taleyüklü, ağır və qaranlıq məqamda xalqın tək və yeganə xilas ümidi tarixi şəxsiyyət, dərin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışı idi. Cəmiyyətin bütün təbəqələri anlayırdı ki, yalnız Onun qətiyyəti ölkəni bu fəlakətdən qurtara bilər. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.

1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Heydər Əliyev tərəfindən çoxşaxəli yanaşma ilə həyata keçirilən struktur islahatları dövlət həyatının bütün sferalarını əhatə edirdi. Aqrar sektorda torpaq islahatlarının aparılması, özəlləşdirmə proqramlarının icrası yeni bir azad iqtisadi modelin formalaşmasına gətirib çıxardı.

Digər tərəfdən, Azərbaycanın beynəlxalq tribunalarda öz mövqeyini inamla müdafiə etməsi, xarici güclərin ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını alması dövlət müstəqilliyimizin dönməzliyini bir daha sübuta yetirdi. Yaradılmış vahid mərkəzli və rəşadətli Azərbaycan Ordusu xalqın güvənc yerinə çevrilərək ölkəmizin gələcək zəfərləri üçün hazırlıq mərhələsini uğurla keçdi. Əsrlər boyu gözlədiyimiz tarixi ədaləti bərpa edən Prezident İlham Əliyevin qətiyyətli və mahir rəhbərliyi ilə Azərbaycan xalqı tamamilə yeni bir inkişaf epoxasına qədəm qoyub. Ulu Öndərin ən ülvi arzusu – Şuşanı azad görmək arzusu bu gün artıq reallıqdır. Hazırda Böyük Qayıdış çərçivəsində viran qalmış torpaqlarımızda irimiqyaslı bərpa, quruculuq işləri aparılır, şəhərlərimiz və kəndlərimiz yenidən həyata qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasi kurs, güclü iqtisadiyyat modeli Azərbaycanın davamlı tərəqqisini və beynəlxalq nüfuzunun artmasını gələcəkdə də dönmədən təmin edəcəkdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu