Ulu Öndər Heydər Əliyevin demokratik islahatların geniş milli manifesti

Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcək yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində dönüş nöqtəsi yarandı. Dahi rəhbər böyük məsuliyyəti üzərinə götürərək silahlı toqquşmaları dayandırdı və sabitliyin əsasını qoydu. Bu şanlı qayıdış xalqın dövlətə və sabaha olan inamını yenidən bərpa etdi.

Dövlət başçısının qətiyyətli mövqeyi hər bir vətəndaşda böyük qürur və sabaha inam hissi oyatdı. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu