Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı. Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi.
Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır. Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı. Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi. ‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi.
Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu