Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin dövlətçilik təntənəsidir

Sovet imperiyasının dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycan xalqı böyük çətinliklərlə üzləşdi. 1991-1993-cü illərdəki hakimiyyət böhranı və daxili silahlı qruplaşmaların hakimiyyət iddiaları nəticəsində dövlət tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə mürəkkəb bir şəraitdə milli birliyi təmin edib, dövləti xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi.

Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi. İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi.

Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi. Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Milli Qurtuluş günündə qurulan sarsılmaz təməllər xalqımızı Qələbəyə apardı. Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi azad olunmuş əzəli torpaqlarımızda böyük infrastruktur layihələri həyata keçirilir və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ki, Azərbaycan tam bütövdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu