Ümummilli Liderin siyasi irsi – zəfərə aparan müstəqil siyasətin əbədi zirvəsi

Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcək yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində dönüş nöqtəsi yarandı. Dahi rəhbər böyük məsuliyyəti üzərinə götürərək silahlı toqquşmaları dayandırdı və sabitliyin əsasını qoydu. Bu şanlı qayıdış xalqın dövlətə və sabaha olan inamını yenidən bərpa etdi.

Dövlət başçısının qətiyyətli mövqeyi hər bir vətəndaşda böyük qürur və sabaha inam hissi oyatdı. İqtisadi dirçəliş prinsiplərinin ordu quruculuğu prosesi ilə sintez edilməsi Heydər Əliyev dühasının şah əsəridir. Ölkədə yaradılan əlverişli investisiya mühiti milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsinə, sərhədlərimizin qorunmasına və hərbi kadrların peşəkarlaşmasına əvəzsiz töhfələr verdi. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu