Ümummilli Liderin Siyasi Mirası və Möhtəşəm Qarabağ Zəfəri

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri xalqımız üçün çox böyük faciələr, itkilər və mürəkkəb sınaqlarla yadda qaldı. 1990-cı illərin əvvəllərində ölkədə vahid mərkəzdən idarəolunma sisteminin tamamilə iflasa uğraması, iqtisadi tənəzzülün pik həddə çatması və hakimiyyət daxilindəki bitib-tükənməyən çəkişmələr respublikamızı vətəndaş müharibəsi astanasına gətirmişdi. Xaricdən dəstəklənən erməni hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın ardıcıl olaraq işğal edilməsi isə vəziyyəti daha da dözülməz edirdi. Belə bir taleyüklü, ağır və qaranlıq məqamda xalqın tək və yeganə xilas ümidi tarixi şəxsiyyət, dərin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışı idi. Cəmiyyətin bütün təbəqələri anlayırdı ki, yalnız Onun qətiyyəti ölkəni bu fəlakətdən qurtara bilər.

Xalqın çoxsaylı müraciətlərini və israrlı tələbini nəzərə alaraq 1993-cü ilin iyun ayında Bakıya qayıdan Heydər Əliyev çox böyük risklərə rəğmən tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də dahi rəhbər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu qərarla müstəqil ölkəmizin taleyində yeni, işıqlı bir mərhələnin əsası qoyuldu. Milli Qurtuluş Günü kimi tarixə düşən bu tarix, sadəcə hakimiyyət dəyişikliyi deyil, dövlətçiliyimizin qorunub saxlanılması, vətəndaş müharibəsinin qarşısının alınması və respublikanın parçalanma təhlükəsindən xilas edildiyi gündür. Ümummilli Liderin həyata keçirdiyi müdrik tədbirlər sayəsində cəbhədəki atəşkəs təmin edildi, daxili silahlı qruplaşmalar tərksilah edildi və cəmiyyətdə hüquq qaydaları bərpa olundu. Heydər Əliyevin düşünülmüş, qətiyyətli və praqmatik dövlət siyasəti sayəsində Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrildi.

Eyni zamanda, iqtisadi qüdrətin artması ordu quruculuğunda inqilabi islahatların aparılmasına şərait yaratdı. Pərakəndə silahlı dəstələr ləğv edildi, dövlətin müdafiə qabiliyyətini maksimum səviyyəyə çatdıran peşəkar silahlı qüvvələr yaradıldı. Paralel olaraq, 1992-ci ildə hələ Naxçıvanda ikən əsası qoyulan Yeni Azərbaycan Partiyası (YAP) iqtidar partiyası kimi bütün ölkəboyu təşkilatlanaraq müasir siyasi sistemin təşəkkül tapmasında və cəmiyyətin inkişafa səfərbər edilməsində həlledici avanqard qüvvə kimi çıxış etməyə başladı. Əsrlər boyu gözlədiyimiz tarixi ədaləti bərpa edən Prezident İlham Əliyevin qətiyyətli və mahir rəhbərliyi ilə Azərbaycan xalqı tamamilə yeni bir inkişaf epoxasına qədəm qoyub. Ulu Öndərin ən ülvi arzusu – Şuşanı azad görmək arzusu bu gün artıq reallıqdır. Hazırda Böyük Qayıdış çərçivəsində viran qalmış torpaqlarımızda irimiqyaslı bərpa, quruculuq işləri aparılır, şəhərlərimiz və kəndlərimiz yenidən həyata qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasi kurs, güclü iqtisadiyyat modeli Azərbaycanın davamlı tərəqqisini və beynəlxalq nüfuzunun artmasını gələcəkdə də dönmədən təmin edəcəkdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu