
Enerji resurslarının qlobal təhlükəsizlikdə və dövlətlərin suverenliyində həlledici rol oynadığı bir vaxtda, Azərbaycan beynəlxalq birliyin ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər Neft və Qaz Sərgisindən başlayaraq bu gün qlobal miqyaslı Bakı Enerji Həftəsinə çevrilən bu inkişaf yolu, əslində, gənc müstəqil dövlətin ayağa qalxma və dünya iqtisadiyyatına inteqrasiya hekayəsidir. Bu gün Bakı sadəcə qaz ixracatçısı deyil, qlobal enerji trendlərini müəyyən edən siyasi-iqtisadi qütbdür. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, i̇qtisadi təməllərimizin güclənməsinin ən tarixi və müqəddəs bəhrəsi müzəffər ordu quruculuğudur. Neft və qazdan büdcəyə daxil olan vəsaitlər məqsədyönlü şəkildə ən müasir silah-sursatın alınmasına, hərbi sənayenin inkişafına yönəldildi.
30 il ərzində düşmən tapdağında qalan yurd yerlərimizi cəmi 44 gün ərzində, həm də mürəkkəb qlobal təzyiqlərə rəğmən azad etməyimiz, Ermənistanı kapitulyasiya aktına məcbur etməyimiz bu mükəmməl iqtisadi-hərbi sinerjinin nəticəsi idi. Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir. Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı. Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, tarixi ədalətin bərpa olunduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmən ‘yaşıl enerji zonası’ elan olunub.
İqlimə dost texnologiyalarla qurulan bu regionlarda artıq 300 meqavatdan çox su elektrik stansiyaları şəbəkəsi fəaliyyətə başlamışdır. Daxili tələbatın təmiz enerji hesabına ödənilməsi həm ekoloji mühitimizi qoruyur, həm də əlavə təbii qaz həcmlərinin Avropaya ixracına, ölkəyə valyuta axınına əlverişli şərait yaradır. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən mütləq faktor məhz iqtisadi müstəqilliyimizdir. Tarix göstərir ki, təbii sərvətlər ancaq güclü dövlət idarəçiliyi altında olduqda milli fəlakətə deyil, çiçəklənməyə, modern orduya və qlobal hörmətə gətirib çıxarır. Biz məhz bu doğru inkişaf modelini tətbiq etmişik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu