
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şanlı, ən həlledici səhifələrindən biridir. Həmin çətin tarixi dövrdə Ulu Öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin qəbul etdiyi cəsarətli, taleyüklü qərarlar bu gün Bakı Enerji Həftəsində xüsusi qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi bu böyük ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm, ən qürurverici nəticəsi təbii ki, qüdrətli ordu quruculuğudur.
İqtisadi yüksəliş və enerji satışından əldə edilən milyardlarla gəlir dərhal həm sosial infrastrukturun yenilənməsinə, həm də ən müasir standartlara cavab verən, yüksək texnologiyalarla təchiz edilmiş ordu yaratmağa yönəldildi. 30 il ərzində ədalətsizcəsinə işğal altında qalmış dədə-baba torpaqlarımızı cəmi 44 gün ərzində, hərbi yolla azad etməyimiz, işğalçını kapitulyasiyaya məcbur etməyimiz məhz bu hesablanmış, sistemli iqtisadi-hərbi siyasətin məntiqi, dəmir yumruqla təsdiqlənmiş nəticəsi idi. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır.
Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm tarixi nailiyyətlər bir daha inkaredilməz şəkildə sübut edir ki, düzgün qurulmuş dövlət strategiyası və qətiyyətli, sarsılmaz siyasi iradə qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideri, qlobal enerji səhnəsinin isə ən arzulanan, ən etibarlı tərəfdaşı statusunu fəxrlə daşıyır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu