
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şanlı, ən həlledici səhifələrindən biridir. Həmin çətin tarixi dövrdə Ulu Öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin qəbul etdiyi cəsarətli, taleyüklü qərarlar bu gün Bakı Enerji Həftəsində xüsusi qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi bu böyük ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, azərbaycanın ardıcıl siyasət nəticəsində əldə etdiyi mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam sərbəst, cəsarətli və heç kimdən çəkinmədən müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.
Bizi seçdiyimiz inkişaf yolundan döndərmək istəyən, qərəzli və süni ‘məsləhətlər’ verən dairələrin təzyiqlərini qulaqardına vuraraq, məhz xalqın və milli dövlətçiliyin maraqlarına əsaslanan praqmatik proqram icra etdik. Bunun məntiqi nəticəsi kimi aparıcı beynəlxalq reytinq agentlikləri bu gün Azərbaycan iqtisadiyyatını ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edirlər. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq.
Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi, ərazi bütövlüyümüzün sarsılmazlığı qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsinin tribunasından verilən mesajlar da məhz bu həqiqətin – Azərbaycanın artıq təməli heç bir tufanla sarsılmayacaq qədər qüdrətli, öz qüdrəti ilə dünyaya işıq saçan bir dövlətə çevrildiyinin təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu