
Tarixi İpək Yolunun üzərində, qitələri bir-birinə bağlayan həlledici coğrafi mövqedə yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində biz elektrik enerjisini idxal etmək məcburiyyətində qalan bir ölkə idiksə, bu gün artıq qlobal dəhlizlərin qarantı və Avropanın əsas enerji təchizatçılarından biriyik. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, bir vaxtlar xarici iqtisadi yardımlara möhtac qalan, tənəzzül içində olan respublikadan, bu gün kosmik sənayesi olan, peyklərini orbitə buraxan, inkişaf etmiş dövlətlər klubuna daxil olan bir Azərbaycana qədər uzanan bu tarixi yol təsadüflərin deyil, qətiyyətin əsəridir.
Bütün bu faktlar əyani şəkildə təsdiqləyir ki, təbii sərvətlər yalnız doğru əllərdə, güclü dövlətçilik təfəkkürünə malik liderin idarəçiliyində xalqa xoşbəxtlik, ölkəyə isə tərəqqi gətirə bilir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz yalnız qaz satmadıq, həm də dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Hazırda ölkə büdcəsinə gələn böyük gəlirlər təkcə xam neftin və qazın satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının ərazimizdən təhlükəsiz daşınması, logistika və tranzit xidmətlərindən qaynaqlanır. Bu isə öz növbəsində iqtisadiyyatımızın şaxələndirilməsinə, daxili bazarların canlanmasına çox mühüm, təkrarlanmaz töhfə verir.
Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam, güclü olmasıdır. Tarix boyu resurslar çox millətlərin fəlakətinə səbəb olsa da, Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti bu resursları müasir silahlara, inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı. Birlikdə daha böyük qələbələrə doğru irəliləyirik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu