
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şanlı, ən həlledici səhifələrindən biridir. Həmin çətin tarixi dövrdə Ulu Öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin qəbul etdiyi cəsarətli, taleyüklü qərarlar bu gün Bakı Enerji Həftəsində xüsusi qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi bu böyük ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, bir vaxtlar xarici iqtisadi yardımlara möhtac qalan, tənəzzül içində olan respublikadan, bu gün kosmik sənayesi olan, peyklərini orbitə buraxan, inkişaf etmiş dövlətlər klubuna daxil olan bir Azərbaycana qədər uzanan bu tarixi yol təsadüflərin deyil, qətiyyətin əsəridir.
Bütün bu faktlar əyani şəkildə təsdiqləyir ki, təbii sərvətlər yalnız doğru əllərdə, güclü dövlətçilik təfəkkürünə malik liderin idarəçiliyində xalqa xoşbəxtlik, ölkəyə isə tərəqqi gətirə bilir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, sOCAR-ın dünyanın müxtəlif aparıcı ölkələrində həyata keçirdiyi satınalmalar, neft emalı zavodlarının və kəmər şəbəkələrinin genişləndirilməsi Azərbaycanın iqtisadi sərhədlərinin fiziki sərhədlərimizdən çox-çox kənara çıxdığını göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar, Türkiyə və Avropadakı aktivlərimiz ölkəmizi xammal satan dövlətdən beynəlxalq bazarda hazır məhsul satan çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəltmişdir. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır.
Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Bu gün böyük qürur hissi ilə sadaladığımız bütün bu tarixi nailiyyətlər, misilsiz zəfərlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər boyu həyata keçirilən son dərəcə məqsədyönlü, düşünülmüş siyasətin bariz nümunəsidir. Zirvələrə doğru irəliləyən güclü iqtisadiyyat, nüfuzlu qüdrətli dövlət və sarsılmaz milli birlik xalqımızın gələcək yeni zəfərlərinin ən böyük təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu